NOVRUZ BAYRAMI
Qızıl gözləriylə baxaraq Günəş,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Bahar qız belinə bağlayıb qumaş,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Yuxudan oyanıb bütün təbiət,
Göyərir çöl - çəmən, yaradır cənnət.
Hamı bir - birinə edərək hörmət,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Söyüdlər saçını tel - tel darayır,
Quşlar nəğməsinə, nəğmə calayır.
Uşaqlar həvəslə tonqal qalayır,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Gülür novruzgülü, açır bənövşə,
Sevənlər vəd edib, çıxır görüşə.
Dost - dostun halını sorub-soruşa,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Şadlıq, bayram gəlib obaya - elə,
Yamyaşıl göyərən səmənisiylə.
Qızlar al geyinib, verib əl - ələ,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Bütün insanların gülür çöhrəsi,
Evlərdə bəzənib novruz süfrəsi.
Səxavətli edib bayram hər kəsi,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Yuxudan oyanıb anamız torpaq,
Tumurcuq - tumurcuq göyərər yarpaq.
Artır gözəlliyə insanda maraq,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Yeni həyat gəlir, yeni can gəlir,
Nəğməli, büsatlı xoş dövran gəlir.
Vətən keşiyində dayanan gəlir,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Cavanlar meydana çıxıb, yarışır,
Qar, buz da əriyib, çaya qarışır.
Küsənlər əl verib, bu gün barışır,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Döyülüb qapılar, papaq atılar,
Papağın içində hədiyyəsi var.
Qoşa addımlayıb novruzla Bahar,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Nə yaxşı gəlmisən, ay incə novruz,
Göyərt bağçalarda, aç qönçə novruz!
Analar bağlayıb, al xonça novruz,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
Bir deyib - sevinək, oynayaq yallı,
Gülfirin dəyişib pəjmürdə halı.
Bu bayram günündə xoşdu əhvalı,
Deyir; xoş gəlibdi, Novruz bayramı!
mənbə:
http://aymaral-can.tr.gg
نظرات شما عزیزان: